Saturday, September 18, 2004

Milli geyim nümunələri sərgisi açılıb


"Araxçının məndədir..."
Milli geyim nümunələri sərgisi açılıb

Dünən İçərişəhərdəki bədii sərgi salonunda rəssam-modelyer Səbirə Dünyamalıyevanın fərdi sərgisi açılıb. Azərbaycan geyim mədəniyyəti tarixinə həsr olunmuş bu sərgi son zamanlar paytaxtımızda keçirilən digər sərgilərdən özünəməxsusluğu ilə fərqlənir. Burada ayrı-ayrı əsrləri əhatə edən bölgə geyimləri ilə yanaşı, eramızdan əvvəlki qədim dövr geyimlərinə də rast gəlmək olar.

Tamaşaçıların böyük maraqla qarşıladıqları sərgidə təqdim edilən XVI, XVII, XIX əsr kişi və qadın geyim nümunələrini onlarla yanaşı düzülmüş uzunboğaz çəkmələr, qadın və kişi baş geyimləri, araxçınlar tamamlayır. Bunlara adi geyim nümunələri kimi baxmaq yanlışlıq olar. Hər biri özünəməxsus tərzdə milli naxışlarla, ornamentlərlə bəzədilmiş geyimlər özündə Azərbaycanın müxtəlif bölgələrinin adət-ənənəsini, koloritini əks etdirir.

Sərgiyə toplaşanlar nümayiş etdirilən XIX əsr Qazax (tuman, köynək, atlas arxalıq), Şəki (tuman, köynək, ləbbadə, eşmək), Bakı (arxalıq, baharı, tuman, köynək, araxçın, kələğayı) qadın geyim dəstləri, Qarabağa aid kişi geyim dəstlərini maraqla qarşıladılar. Bundan başqa, sərgidə qədim türk abidəsi olan Dədə Qorqud dastanından Selcan xatun və Qanturalın geyimi, Şah İsmayıl Xətainin geyimi, Səfəvilər dövrünün qadın geyimi, XIX əsr Şamaxı, Borçalı, Masallı, Lənkəran, Qarabağ, İrəvan, Naxçıvan, Cənubi Azərbaycana aid qadın geyim dəstləri, eramızdan əvvəl VII-VI minilliyə aid sarınma qadın və kişi geyim dəstləri, VIII yüzilliyə aid döyüşçü geyimi, V yüzilliyə aid midiyalı zadəganın geyimi də nümayiş olunur.
Səbirə Dünyamalıyeva Azərbaycan Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakültəsini bitirib. 1995-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunda "Azərbaycan geyimləri" mövzusunda doktorluq işi müdafiə edib. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Sərginin açılışında ölkənin mədəniyyət naziri Polad Bülbüloğlu iştirak edirdi. P.Bülbüloğlu milli geyim tariximizə nəzər salaraq sərginin əhəmiyyəti barədə danışıb. Sərgi oktyabrın 24-dək davam edəcək.

0 Comments:

Post a Comment

<< Home